ABŞ üzərində partlayan meteorit təşviş yaradıb
ABŞ-nin şimal-şərq bölgəsində yaşayan sakinlər Boston səmasında eşidilən güclü gurultudan sonra təşviş yaşayıblar.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.
NASA-nın açıqlamasına görə, Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) “GOES-19” peyki mayın 30-da Şərq sahili vaxtı ilə saat 14:06-da yüksək səslə müşayiət olunan parlaq bolidi qeydə alıb.
Məlumata əsasən, meteor Massaçusets ştatının şimal-şərqi və Nyu-Hempşirin cənub-şərqi üzərində, təxminən 64 kilometr yüksəklikdə atmosferdə parçalanıb.
Bildirilib ki, parçalanma zamanı ayrılan enerji təxminən 300 ton trotil ekvivalentinə bərabər olub. NASA bu enerjinin bölgədə eşidilən güclü partlayış səsinə səbəb olduğunu qeyd edib.
Məlumata görə, hadisə Boston aqlomerasiyası və Rod-Aylend ştatında yaşayan sakinlər arasında sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər eşidilən səsin səbəbi ilə bağlı müxtəlif ehtimallar, o cümlədən nüvə partlayışı və yadplanetlilərlə bağlı fərziyyələr irəli sürüblər.
Boston polisi Massaçusets ştatının müxtəlif bölgələrindən daxil olan çoxsaylı müraciətlərdən sonra hadisənin səbəbini araşdırmaq üçün əməkdaşlarını şəhərin Brayton rayonuna göndərib.
Amerika Meteor Cəmiyyətinin icraçı direktoru Karl V. Hergenrother bildirib ki, bölgədə hökm sürən buludlu hava şəraiti səbəbindən sakinlərin əksəriyyəti meteorun özünü müşahidə edə bilməyib.
Bu da hadisənin səbəbi ilə bağlı müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.