Azərbaycan Sahibkarlar Konfederasiyası qlobal əməkdaşlıq şəbəkəsini genişləndirir
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) İpək Yolu İqtisadi Alyansına rəsmi olaraq üzv qəbul edilib.
Operativ Media xəbər verir ki, bu əlamətdar hadisə ölkəmizin biznes mühitinin beynəlxalq arenada təmsilçiliyi və qlobal əməkdaşlıq imkanlarının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, İpək Yolu İqtisadi Alyansının əsas məqsədlərinə daxildir:
- Çin və “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qoşulan ölkələr arasında iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirmək;
- Forumlar, sərgilər, qarşılıqlı səfərlər və biznes missiyaları vasitəsilə tərəfdaşlıq imkanlarını genişləndirmək;
- Üzv ölkələrin biznes dairələri arasında əlaqələri möhkəmləndirmək.
Alyansın geniş beynəlxalq şəbəkəsində Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Rusiya, Ermənistan, Gürcüstan, Monqolustan və digər ölkələrin aparıcı ticarət-sənaye palataları, biznes assosiasiyaları və logistika şirkətləri yer alır.
Məlumat üçün bildirək ki, Alyansın tamhüquqlu üzvü kimi fəaliyyət istiqamətləri isə aşağıdakılardır:
- Beynəlxalq forumlarda, dəyirmi masalarda, sərgilərdə və biznes missiyalarında fəal iştirak etmək;
- Ticarət, investisiya və kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlığa töhfə vermək;
- Qarşılıqlı fayda və praqmatik əməkdaşlıq prinsiplərinə sıx riayət etmək.
Bu yeni tərəfdaşlığın yerli sahibkarlar üçün yeni bazarlara çıxış, logistik imkanların inkişafı və beynəlxalq layihələrdə iştirak üçün geniş üfüqlər açacağı gözlənilir.