Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini Prezident İliana Yotovaya təqdim edib
Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov etimadnaməsini Bolqarıstan Prezidenti İliana Yotovaya təqdim edib.
Operativ Media xəbər verir ki, etimadnamənin təqdimetmə mərasimində səfir Elmar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Prezidentinə çatdırıb.
Səfir Elmar Məmmədov Bolqarıstanda diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu qeyd edib və iki ölkə arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığı daha da gücləndirməyə sadiq olduğunu bildirib.
Etimadnamələrin təqdim edilməsindən sonra keçirilən görüşdə Prezident İliana Yotova iki ölkə arasında ikitərəfli əməkdaşlığın uğurlu inkişafını yüksək qiymətləndirib. 2015-ci ildə Azərbaycan ilə Bolqarıstan arasında qurulan strateji tərəfdaşlıq bir daha təsdiqlənib və ikitərəfli gündəliyin müxtəlif sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.