“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1349 məktəbə səfər edilib.
Bu barədə Operativ Media-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, agentlik ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində 2023-cü ildən həyata keçirilən bu xidmət çərçivəsində çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji iş həyata keçirilir.
Ötən dövrdə 5399 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. Vəziyyəti daha riskli hesab olunan 2036 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 460 uşağın dərsə davamiyyəti bərpa olunub.
Baxımsız, kimsəsiz uşaqlar isə agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, nitq və ünsiyyət çətinliyi olan 123 uşaq loqopedik xidmətlərə cəlb edilib. 124 ailə nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq qurumlara yönləndirilərək sosial problemlərinin həllinə dəstək göstərilib.
Eləcə də qeyd edilən dövr ərzində Bakı və regionlarda yerləşən 190-a yaxın ümumi təhsil müəssisəsində müxtəlif mövzularda (uşaq hüquqları, ailə dəyərləri, erkən nigah, məişət zorakılığı, zərərli vərdişlər, psixi sağlamlığın qorunması və s.) maarifləndirici görüşlər təşkil olunub.
“Təhsildə sosial iş” xidməti çərçivəsində aparılan işlər uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasını, bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir.