Messi və Ronaldo futbolun "ən tənbəl" oyunçuları siyahısında: Mbappe də TOP-5-dədir
Dünyanın 46 yüksək liqasını əhatə edən maraqlı bir araşdırma aparılıb.
Operativ Media CİES-ə istinadən xəbər verir ki, tədqiqatın məqsədi futbolçuların topsuz oyun fazasında komanda yoldaşlarına nisbətən nə qədər məsafə qət etdiyini müəyyənləşdirmək olub.
Araşdırmanın nəticələrinə görə, dünya futbolunun ulduzları Lionel Messi və Kriştianu Ronaldo bu siyahıda ilk sıraları bölüşürlər. Statistik göstəricilər sübut edir ki, komanda yoldaşları orta hesabla 1000 metr qaçdıqları halda, Lionel Messi cəmi 700 metr, Kriştianu Ronaldo isə 740 metr məsafə qət edir.
Müasir futbolun ən sürətli oyunçularından sayılan Kilyan Mbappe də bu siyahıda diqqət çəkib. O, 0.77-lik göstərici ilə "ən az qaçan" 5 futbolçudan biri olub. Onluqda həmçinin Artyom Dzyuba, Sebastyan Villa, Mirlind Daku, Con Kordoba, Mussa Dembele, Viktor Osimhen və Moyze Kin kimi hücumçuların adları yer alıb.
Ekspertlər bu göstəriciləri ulduz futbolçuların oyun zamanı enerjilərini qənaət etmələri və hücum anında daha effektiv olmaq üçün topsuz zonada az hərəkət etmələri ilə əlaqələndirirlər.