Menyu

Ad seçimi zamanı nələrə diqqət etməli?

Ayşən Sadıxzadə
Ad seçimi zamanı nələrə diqqət etməli?

Ad seçimi məsələsi cəmiyyət və fərd üçün mühüm sosial-psixoloji əhəmiyyət daşıyır. Bu baxımdan, uşağa ad verilərkən onun ümumi mənası, tələffüz xüsusiyyətləri və gələcəkdə sosial mühitdə yarada biləcəyi təsirlər nəzərə alınmalıdır.

Bu sözləri Operativ Media-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib. 

O bildirib ki, müasir dövrdə bəzi valideynlərin xarici adlara üstünlük verməsi müşahidə olunur:

“Lakin ad seçimi yalnız estetik və ya moda meyarları ilə deyil, həm də dil, mədəniyyət və sosial uyğunluq baxımından qiymətləndirilməlidir. Çünki bəzi adların tələffüzü çətin ola bilər və ya sosial mühitdə qeyri-adekvat reaksiyalar doğura bilər ki, bu da uşağın sosial adaptasiyasına və psixoloji vəziyyətinə təsir göstərə bilər.

Tarixi təcrübə göstərir ki, müxtəlif dövrlərdə fərqli ideoloji və mədəni təsirlər altında qeyri-ənənəvi adların istifadəsi geniş yayılmışdır. Lakin zaman keçdikcə bu adların bir qisminin sosial qəbulunda çətinliklər yarandığı da müşahidə olunmuşdur.

Qanunvericilik baxımından valideynlər ad seçməkdə sərbəstdirlər. Bununla belə, bu azadlıq müəyyən sosial məsuliyyətlə müşayiət olunmalıdır. Ad yalnız fərdi seçim deyil, həm də uşağın gələcək həyatına təsir edən mühüm identifikasiya elementidir.

Bu səbəbdən, ad seçimi zamanı onun mənası, dilə uyğunluğu və uşağın gələcək sosial həyatında yarada biləcəyi mümkün təsirlər diqqətlə qiymətləndirilməlidir. Məqsəd uşağın şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərə biləcək amillərin minimuma endirilməsidir.

Nəticə etibarilə, ad seçimi valideynlərin azad hüququ olmaqla yanaşı, eyni zamanda yüksək məsuliyyət tələb edən sosial bir qərardır”.


Əlaqəli Xəbərlər