Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Operativ Media
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.
Bu barədə Operativ Media-ya Milli Məclisdən məlumat verilib.
Görüşdə dost ölkələrimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Əlcəzair arasında əlaqələri daha da inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur.
Tərəflər siyasi dialoqun mövcud səviyyəsindən məmnunluqlarını bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd ediblər.
Söhbət zamanı parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil etdiyi vurğulanaraq, həm parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin, həm də deputatlar arasında mütəmadi dialoqun bu münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyi bildirilib. O cümlədən, dostluq qruplarının fəaliyyətinin bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verdiyi qeyd olunub.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur.
O cümlədən, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan və Milli Məclisin sədrliyi ilə institusional inkişaf və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə edən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əlaqələrin daha da inkişafı barədə fikirlər səsləndirilib.
Qeyd olunub ki, Parlament Şəbəkəsi həm bir sıra mühüm beynəlxalq məsələlərin müzakirəsi, həm də parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm platformaya çevrilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.