Menyu

Azərbaycanın təşəbbüsü ilə BMT-də minatəmizləmə üzrə beynəlxalq müzakirələr aparılıb

Operativ Media
Azərbaycanın təşəbbüsü ilə BMT-də minatəmizləmə üzrə beynəlxalq müzakirələr aparılıb
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə aprelin 16-da Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında "Təhlükəsiz yenidənqurma: Şəhərlərin bərpasında minatəmizləmə fəaliyyətinin rolu" mövzusunda paralel tədbir təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə məlumat nümayəndəliyin "X" sosial media hesabında paylaşılıb.
Daimi nümayəndənin müavini Elvin Əşrəfzadə tədbirdə çıxış edərək təhlükəsizliyin təmin edilməsinin şəhərlərin yenidən qurulması üçün ilkin şərt olduğunu vurğulayıb. O xüsusilə müasir texnologiyalardan istifadə vasitəsilə effektiv minatəmizləmə fəaliyyətinin inkişaf etdirilməsində gənclərin potensialından yararlanmağın vacibliyini qeyd edib.
Vurğulanıb ki, BMT-nin Minatəmizləmə Xidmətinin Dizayn, Əməliyyat Dəstəyi və Nəzarət şöbəsinin rəhbəri Riçard Bolter əsas texniki və əməliyyat məhdudiyyətləri barədə məlumat verərək şəhərlərin yenidən qurulmasında minatəmizləmə fəaliyyətinin qarşılaşdığı çətinliklər barədə təqdimatla çıxış edib.
Tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov, QHGT nümayəndəsi Leyla Həsənova və NAYORA-nın sədri cənab Rafael Hacıbəyli də çıxış edərək minatəmizləmə fəaliyyəti üzrə məlumatlılığın artırılmasının, gücləndirilmiş beynəlxalq əməkdaşlığın və Azərbaycanın bu sahədəki milli səylərinin vacibliyini vurğulayıblar.
Həmçinin ECOSOC Gənclər Forumunda iştirak edən üzv dövlətlərin, beynəlxalq təşkilatların, akademik dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri arasında səmərəli müzakirələr aparıldığı diqqətə çatdırılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər