Ramil Həsən Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Bakıda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüş Ramil Həsənin vəzifəsinin icrasına başladıqdan sonra Ankara şəhərinə rəsmi səfəri zamanı baş tutmuş əvvəlki məsləhətləşmələrin davamı olaraq həyata keçirilib.
R. Həsən görüşdə AKP-nin tərkibində yeni yaradılmış Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin strateji əhəmiyyətini vurğulayıb.
K. Zorlu TÜRKPA-nın Türk dövlətlərinin parlamentlərini müxtəlif ixtisaslaşmış sahələr üzrə bir araya gətirməkdə və institusional parlament dialoqunun təşviqində oynadığı rolu vurğulayıb.
Müzakirələr zamanı Zorlu Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğanın himayəsi altında yaradılmasından cəmi bir il sonra Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi tərəfindən "Türk Dünyası Vizyon Sənədi" adlı hərtərəfli sənədin hazırlandığını vurğulayıb. O həmçinin qarşıda həyata keçirilməsi planlaşdırılan 1-ci Siyasət Forumunda TÜRKPA üçün xüsusi sessiyanın ayrılmasına hazır olduqlarını ifadə edib.
Baş katib nümayəndə heyətinə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.
Müzakirələr zamanı TÜRKPA-nın genişlənən beynəlxalq fəaliyyətinə də toxunulub. Ramil Həsən Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Yerlan Koşanovun sədrliyi altında təşkilatın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (ATƏT PA) müşahidəçi statusunun əldə edilməsi üçün rəsmi müraciət etdiyini bildirib. Bundan əlavə, TÜRKPA üzv parlamentlərinin sədrlərinin qeyri-rəsmi görüşünün 16 aprel 2026-cı il tarixində İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində keçiriləcəyi qeyd olunub.
Bildirilib ki, görüşün əsas məqamlarından biri yaxın aylarda keçiriləcək beynəlxalq konfransın elan olunmasıdır. Belə ki, "Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası" adlı tədbirin 2026-cı ilin may ayında İstanbulda keçiriləcəyi vurğulanıb.
Görüş xatirə hədiyyələrinin təqdim edilməsi ilə sona çatıb.