Avtomobilin istehsal ili və texniki vəziyyəti qiymətə necə təsir göstərir?
Azərbaycana Avropa, ABŞ, Çin, Koreya və digər ölkələrdən idxal edilən ikinci əl avtomobillərin qiyməti yalnız alış qiymətinə əsasən formalaşmır. Avtomobilin bazar dəyəri bir sıra texniki və iqtisadi amillər nəzərə alınmaqla müəyyən edilir.
Bu sözləri Operativ Media-ya nəqliyyat üzrə texniki ekspert Razil Nağıyev deyib.
O bildirib ki, qiymətin formalaşmasına təsir edən əsas meyarlar avtomobilin istehsal ili, yürüşü, texniki vəziyyəti, qəza tarixçəsi, komplektasiyası, avtomobilin idxal olunduğu ölkədəki bazar qiyməti, eləcə də valyuta məzənnələri hesab olunur. Bundan əlavə, daşınma, sığorta və digər logistika xərcləri də avtomobilin yekun maya dəyərinə təsir göstərir:
“Məsələn ABŞ, Koreya bazarlarında eyni marka, model və istehsal ilinə malik avtomobillərin qiymətləri bazar tələbi, texniki vəziyyəti və istifadə tarixçəsindən asılı olaraq fərqlənə bilir.
Xüsusilə qəzalı avtomobillərlə saz vəziyyətdə olan avtomobillər arasında qiymət baxımından ciddi fərq mövcuddur. Qəzalı avtomobillərin alış qiyməti, adətən, daha aşağı olur. Çünki belə avtomobillər əlavə təmir xərcləri tələb edir və onların dəyəri saz vəziyyətdə olan avtomobillərlə müqayisədə aşağı qiymətləndirilir.
Bu fərq gömrük rəsmiləşdirilməsi zamanı da özünü göstərir. Gömrük orqanları avtomobilin gömrük dəyərini müəyyən edərkən təqdim olunan sənədləri, logistika xərclərini, invoys dəyərini və istehsal ilini əsas meyarlardan biri kimi nəzərə alır. Bununla belə, qəzalı avtomobil üçün təqdim olunan bazar dəyərindən kəskin şəkildə aşağı alış qiyməti gömrük orqanı tərəfindən qəbul edilmir. Gömrük orqanı bəyan edilmiş dəyərin bazar reallığını əks etdirmədiyi qənaətinə gələrsə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq gömrük dəyərini statistik məlumatlar və tətbiq olunan qiymətləndirmə üsulları əsasında müəyyən etmək hüququna malikdir”.
