"Arsenal" Bruno Qimarayes üçün 70 milyon funtluq təklif hazırlayır
Londonun "Arsenal" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək məqsədilə "Nyukasl Yunayted"in kapitanı Bruno Qimarayesi transfer etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, Böyük Britaniyanın "The Sun" nəşrinin yaydığı məlumata görə, "topçular" braziliyalı yarımmüdafiəçi üçün qarşı tərəfə rəsmi olaraq 70 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.
Məlumata əsasən, London təmsilçisinin baş məşqçisi Mikel Arteta üçün mərkəz xəttinin gücləndirilməsi cari transfer dövründə əsas prioritet hesab olunur. "Nyukasl" rəhbərliyi öz kapitanını satmaq istəməsə də, "Arsenal" 70 milyonluq təkliflə onların müqavimətini qırmağı planlaşdırır.
Qeyd olunub ki, vasitəçilər vasitəsilə aparılan ilkin danışıqlarda İngiltərə çempionunun təklifi 60 milyon funt civarında olsa da, sonradan bu məbləğ artırılıb. Qimarayesin özünün də klub rəhbərliyinə "Emireyts" stadionuna köçmək istədiyini bildirdiyi və bu amilin danışıqlar prosesini sürətləndirəcəyi iddia edilir.
Şimali London klubu artıq bir neçə keçidi rəsmiləşdirib. Komanda "Brügge"dən yunan hücumçu Xristos Tzolis və keçən mövsümü icarədə keçirən müdafiəçi Piero Hinkapieni 34 milyon funta transfer edib, qapıçı İllan Meslyeni isə azad agent statusu ilə heyətinə qatıb.
Buna baxmayaraq, "Arsenal"ın əsas hədəflərindən biri olan Morqan Rocersin keçidi baş tutmayıb. "Aston Villa" futbolçunu 117 milyon funt qarşılığında "Çelsi"yə satıb. "Arsenal" rəhbərliyi bu məbləği ödəməkdən imtina etdiyi üçün transfer gerçəkləşməyib.
Transfer pəncərəsi bağlanana qədər "Arsenal" daha bir müdafiəçi, yarımmüdafiəçi və hücumçu almağı planlaşdırır. Uilyam Salibanın belindən aldığı zədə səbəbindən uzun müddət sıradan çıxması nəticəsində Ezri Konsa və "Mançester Siti" ilə müqaviləsi başa çatan Con Stouns müdafiə xətti üçün əsas namizədlər sırasındadır.
Hücum xətti üçün isə "Atletiko Madrid"in imtina cavabına baxmayaraq, Xulian Alvares gündəmdə qalmaqdadır. Digər tərəfdən, PSJ-dən ayrıla biləcəyi gözlənilən Bredli Barkola üçün hazırda "Liverpul" daha şanslı tərəf hesab olunur.