Yay aylarının ən sevilən meyvələrindən biri olan gilas həm dadı, həm də sağlamlığa verdiyi faydalarla alıcıların diqqətini cəlb edir. Lakin mövsümi meyvə olmasına baxmayaraq, bazarlarda hələ də yüksək qiymətləri ilə diqqət çəkir. Bu isə təbii ki, istehlakçılarda narazılığa səbəb olur.
Bəs, gilasın qiyməti niyə ucuzlaşmır?
İqtisadçı Natiq Cəfərli, Operativ Media-nın bu mövzu ilə bağlı sualını cavablandıraraq, kənd təsərrüfatı məhsullarının qiymətinin istehsal həcmi ilə sıx bağlı olduğunu vurğulayıb:
"Kənd təsərrüfatı məhsullarının bazar qiyməti, əsasən, həmin məhsulun istehsal həcmi ilə müəyyən olunur. Yəni, istehsal həcmi aşağı olduqda, qiymət də təbii ki, yüksəlir. Bu il gilasın qiyməti həqiqətən yüksəkdir. Özüm şəxsən, marketlərdə 18 manata qədər gilas gördüm. Keyfiyyətli gilasın qiyməti Avropa bazarlarından da 3 dəfə bahadır. Məsələn, 18 manat təqribən 10 avroya yaxın edir ki, Avropada ən bahalı ölkələrdə belə gilasın qiyməti 2-3 avro arasında dəyişir.
Gilası baha edən əsas səbəb isə məhsulun az olmasıdır. Bu azlıq isə çox vaxt təbii şəraitlə əlaqəlidir: bol yağan yağışlar, çiçəklənmə dövründə hava şəraitinin kəskin dəyişməsi məhsuldarlığı azaldır. Nəticədə isə qiymətlər yüksəlir. Hətta ucuz qiymətə gilasa rast gəlmək mümkündür, amma onun keyfiyyəti daha aşağıdır və alıcılar tərəfindən o qədər də maraqla qarşılanmır."