Putin və Kim Çen In arasında görüş olub
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.
"Operativ Media" xairic mediaya istinadən xəbər verir ki, Pxenyanda baş tutan və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar təxminən bir saat yarım davam edib.
Görüşdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Rusiyanın dünyadakı rolunu qeyd edib və xüsusi hərbi əməliyyatı (Ukraynada apardığı müharibə -red.) tam dəstəklədiyini bildirib. O əlavə edib ki, dünyada vəziyyət sürətlə dəyişir və mürəkkəbləşir, bu şəraitdə Pxenyan Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətindədir.
Kim Çen In əmin edib ki, KXDR Rusiyanın bütün siyasətini qeyd-şərtsiz dəstəkləyəcək. O, bütün sahələrdə əməkdaşlığın və qarşılıqlı mübadilənin genişləndirilməsi ilə bağlı konstruktiv fikir mübadiləsinin mümkün olacağına ümid etdiyini bildirib.
Putin isə öz növbəsində qeyd edib ki, Moskva Pxenyanın, o cümlədən Ukrayna istiqamətində ardıcıl və daimi dəstəyini yüksək qiymətləndirir.
O, əvvəlki nəsillərin şücaətini bu gün Rusiya ilə KXDR arasında münasibətlərin inkişafı üçün yaxşı əsas adlandırıb.
İki liderin qısa çıxış bəyanatlarından sonra görüş mətbuata qapalı davam edib.
Daha sonra Putinlə Kim Çen In arasında təkbətək formatda görüş keçirilib.