Tahir Gözəl: Perspektivli futbolçuların inkişafına mane olmaq düzgün yanaşma deyil
Bu gün "Qarabağ" yaxşı oyun nümayiş etdirdi. Üç qoldan ikisinin yeni transferlərin hesabına qeydə alınması sevindirici haldır. Bu, mövsümün ilk oyunudur və inanıram ki, komanda qarşıdakı görüşlərdə daha da güclənəcək. Bu qələbənin həm də simvolik əhəmiyyəti var.
Operativ Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Tahir Gözəl komandanın qarşısında böyük hədəflərin dayandığını qeyd edib: "Əsas məsələ "Qarabağ"ın oyun sistemini tam şəkildə tətbiq etməsidir. İlk oyunda müəyyən çatışmazlıqlar oldu, oyun qrafiki də kifayət qədər sıxdır. Bununla belə, futbolçular böyük məsuliyyətlə çalışırlar. İnanıram ki, bu il "Qarabağ" tarixinin ən böyük uğurlarından birinə imza ata bilər".
Klub rəhbəri komandanın heyətində aparılan yenilənmələrə də münasibət bildirib. Onun sözlərinə görə, bəzən çətinliklər daha cəsarətli qərarlar qəbul etməyə vadar edir və bu proses klubun gələcək inkişafına müsbət təsir göstərəcək.
Kamilo Duranın Şotlandiyanın "Seltik" klubuna transferinə toxunan Tahir Gözəl bildirib ki, futbolçuların gedişi yalnız maliyyə amili ilə bağlı deyil. O, "Qarabağ"a gələn oyunçular üçün klubun Avropanın aparıcı çempionatlarına aparan mühüm mərhələ olduğunu vurğulayıb. Klub prezidenti qeyd edib ki, perspektivli futbolçuların inkişafına mane olmaq düzgün yanaşma deyil və bu cür transferlər gələcəkdə daha güclü oyunçuların "Qarabağ"a marağını artıracaq".