Nazir müavini: Süni intellektin tətbiqi dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına gətirib çıxaracaq
Bu gün dünya iqtisadiyyatında rəqabətin mərkəzində texnologiya, innovasiya və insan kapitalı dayanır.
Məhz bu səbəbdən son illərdə Azərbaycanda rəqəmsal inkişaf sahəsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.
O qeyd edib ki, bu tədbirlərin məntiqi davamı kimi bu ilin fevral ayında cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirə zamanı ölkəmizin bu istiqamətdə strateji hədəfləri müəyyən edilib və müşavirədən qısa zaman ərzində Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci il üzrə fəaliyyət planı təsdiq edilib.
Nazir müavini bildirib ki, Şuranın işinin təşkili, fəaliyyət planından icrasına nəzarət, eləcə də bu istiqamətdə dövlət orqanlarının koordinasiyalı fəaliyyətini təmin eləmək məqsədilə Mehriban xanım Əliyevanın rəhbərliyi altında Rəqəmsal İnkişaf Şurası yaradılıb və 29 iyunda artıq Şuranın ilk iclası keçirilib:
“Bütövlükdə fəaliyyət planı dörd istiqaməti əhatə edən 58 təşəbbüsdən ibarətdir. Bu dörd istiqamət rəqəmsal inkişafın fərqli kateqoriyaları, fərqli sütunlarıdır. Birinci istiqamət dövlət xidmətlərinin rəqəmsallaşması, ikinci istiqamət süni intellekt, üçüncü istiqamət innovasiya ekosistemi və dördüncü istiqamət kibertəhlükəsizliklə bağlı təşəbbüslərdir. Artıq bu təşəbbüslərin hər birinin icrası üzrə mühüm işlər görülüb. Məsələn, rəqəmsallaşma istiqamətində hazırda fərqli dövlət qurumları tərəfindən vətəndaşlara məxsus çox datalar fərqli formatda saxlanılır və fərqli yerlərdə saxlanılır. Bu isə öz-özlüyündə analitikanın və süni intellektin tam şəkildə potensialından istifadəni məhdudlaşdırır. Bunun qarşısının alınması üçün ilk növbədə mühüm layihələrdən biri olan dövlətə məxsus məlumat hövzəsinin yaradılması işlərinə başlanılıb. Mərkəzləşmiş məlumat hövzəsi dövlət xidmətlərinin rəqəmsallaşması, süni intellekt tətbiqinə imkan verəcək, dövlət xidmətlərinin səmərəliliyin artırılmasına gətirib çıxaracaq”.