“Eris” virusu Azərbaycana da gələ bilərmi?
COVID-19-un yeni versiyası olan "Eris" ştammı dünyanın 52 ölkəsindən, o cümlədən Fransa və Britaniyadan sonra Türkiyəyə də çatıb.
Mütəxəssislər yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna biləcəyi fikrindədirlər.
Buna səbəb kimi yay tətilinin başa çatması və havaların soyuması göstərilir.
Türkiyədə artıq 9 nəfərdə aşkarlanan “Eris” ştammının simpomları və qorunma yolları haqqında infeksionist həkim Günay Məhərrəmova “Operativ Media”ya açıqlama verib.
O qeyd edib ki, Omikronun bir forması olan “Eris” virusunun əlamətləri korona növlərindən çox fərqlənmir:
"Viruslar zamanla mutasiyaya uğrayır. Bir vaxtlar SARS-CoV-2 forması geniş şəkildə yayılmışdı. Bu ilin avqust ayında isə Omikronun bir forması olan EG.5, yəni “eris” ştammı yayılıb ki, bu da koronavirusun dominant variantıdır. Əlamətləri digər korona növlərindən demək olar, fərqlənmir. Omikronda olduğu kimi yuxarı tənəffüs yollarının iltihabi baş verir. Burun axması, boğaz ağrısı və digər soyuqdəymə əlamətləri özünü göstərir. 65 yaşdan yuxarı insanlarda, uşaqlarda, xroniki xəstəliyi olan insanlarda aşağı tənəffüs yollarına keçmə ehtimalı var. Buna görə də uşaqlar, hamilələr, xroniki xəstələr və 65 yaşı ötən insanlar özlərini qorumalı, əllərini tez-tez yumalı, ictimai yerlərdə çox olmamalı, xəstəliyin hər hansısa əlamətini hiss etdikdə evdə qalmalıdırlar. Hazırda mövsüm ilə, məktəblərin açılması ilə digər yuxarı tənəffüs yolu xəstəlikləri də başlayacaq”.
Həkim bildirib ki, qonşu ölkələrdən turistlərin gedib-gəlməsi ilə əlaqədar “Eris” virusunun Azərbaycana da gəlmə ehtimalı var.
Sevinc İbrahimzadə