Zakir Həsənov: İstənilən təxribatın qarşısı dərhal və qətiyyətlə alınsın
Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib. “Operativ Media” xəbər verir ki, bu barədə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov təlim-metodiki toplanış mərasimində açıqlama verib.
Zakir Həsənov son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulayıb.
Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.
Nazir həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı tədbirlərində müasir döyüş üsulları, arsenala yeni daxil edilən silah və hərbi texnikanın effektiv tətbiqi qaydalarının şəxsi heyətə öyrədilməsinin vacibliyini vurğulayıb.