Tramp: Mənə qarşı sui-qəsd olarsa, İrana görünməmiş zərbə endirin
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehranın onu qətlə yetirmək planları baş tutarsa, İrana görünməmiş gücdə zərbə endirmək barədə göstəriş verib.
Operativ Media xəbər verir ki, bu barədə o, "New York Post" qəzetinə müsahibəsəsində bildirib.
"Mən artıq uzun müddətdir ki, onların hədəf siyahısındayam. Qarşılaşdığımız reallıq budur. Mənim etdiyim yeganə şey belə bir göstəriş vermək oldu: əgər mənə bir şey olarsa, sadəcə olaraq onları hərfi mənada indiyədək görünməmiş şəkildə bombalayın", - deyə Tramp qeyd edib.
O, həmçinin İranın uzun illərdir onu öldürməyə çalışdığını iddia edib. Trampın sözlərinə görə, İsrailin Vaşinqtona ona qarşı yeni bir sui-qəsd planı barədə xəbərdarlıq etməsi ilə bağlı son xəbərlər həqiqəti əks etdirmir, lakin ABŞ Prezidenti hesab edir ki, o, artıq çoxdandır Tehran üçün "bir nömrəli hədəf"ə çevrilib.