Hakan Fidan: İran və ABŞ Hörmüz boğazı üzrə razılığa gələ bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran və ABŞ-nin cari həftənin sonunadək Hörmüz boğazı ətrafındakı ixtilafları tənzimləyə biləcəyini ehtimal edib.
Operativ Media xəbər verir ki, nazir bu haqda TRT telekanalının efirində çıxışı zamanı deyib.
"Hörmüz boğazının açılması ən mühüm şərtlərdən biri idi və tərəflər buna uyğun hərəkət edirdilər, lakin təcrübədə bu prosesi fərqli anlayırdılar. Tərəflərdən biri bəzi hadisələrin onun xəbəri olmadan baş verdiyini gördü, gəmilərə hücumlar oldu, gərginlik artdı və boğaz bloklandı. Boğazdan keçidin tənzimlənməsi ümumi anlaşmaya əsaslanmalıdır. Dünəndən bəri aparılan diplomatik səylərdən sonra tərəflər arasında bir sükut dövrü başlayıb. İndi isə qarşılıqlı anlaşmanı yenidən təmin edərək problemi həll etmək lazımdır. Hesab edirəm ki, boğazdan keçidlə bağlı ixtilafların həlli həftə sonunadək tapıla bilər", - deyə o bildirib.
Nazir, həmçinin boğazdan keçid probleminin bir neçə tərəfin maraqlarına toxunduğunu qeyd edib: "Bir tərəfdə İran, digər tərəfdə isə Oman qərarlaşıb. İranın beynəlxalq sularda, 12 millik zonada öz hüquqları var. Omanda da vəziyyət eynidir. Onların arasında isə təxminən 20 mil uzunluğunda daha bir sahə mövcuddur. Bu zonaların istifadəsi məsələsini həll etmək lazımdır".
Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələrini bərpa edib. Cavab olaraq Tehran ABŞ-nin regiondakı hərbi obyektlərinə hücum edib.