Azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, epizootoloji vəziyyətin qiymətləndirilməsi və bioloji təhlükəsizliyin təmin olunması məqsədilə kompleks tədbirlər davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) tələblərinə uyğun olaraq, ölkənin xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması, dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə, “Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”na və 2026-cı il üzrə epizootiya əleyhinə Tədbirlər Planına əsasən, 2026-cı ilin 13-17 və 20-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərdə monitorinqlər keçiriləcək.
Monitorinqlər çərçivəsində fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlara klinik baxış keçiriləcək, laborator müayinələrin aparılması məqsədilə hər növ üzrə 6-12 və 12-24 ay yaş qruplarına aid (son 4 ay ərzində brusellyoz xəstəliyinə qarşı peyvənd olunmamış) heyvanlardan diaqnostik nümunələr götürüləcək. Bununla yanaşı, arı ailələri və atlardan da müvafiq nümunələrin götürülməsi həyata keçiriləcək.
Tədbirlər zamanı təsərrüfatlarda baytarlıq norma və qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək, epizootoloji vəziyyətə dair məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, həmçinin işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Götürülən diaqnostik nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq. Monitorinqlər çərçivəsində əldə olunan epizootoloji vəziyyət və nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək.
Həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə müasir baytarlıq xidmətlərinin təşkili, heyvanların identikləşdirilməsi, xəstəliklərdən azad zonaların yaradılması və heyvandarlığın inkişafının təmin edilməsinə mühüm töhfə verəcək.