Bakı hava limanında transfer sərnişin axını 40%-dən çox artıb
"2026-cı ilin birinci yarısında Bakı hava limanı vasitəsilə 275 mindən çox transfer sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40%-dən çox artım deməkdir".
Operativ Media-ya bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Qeyd olunub ki, bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsi də genişlənməyə davam edib:
"Hazırda hava limanında tam xidmət göstərən, aşağıbüdcəli və hibrid biznes modelinə malik ümumilikdə 40 aviaşirkətin fəaliyyət göstərməsi sərnişinlərə geniş seçim imkanı yaradır. “Air Serbia” və “FlyOne Asia” aviaşirkətlərinin fəaliyyətə başlaması marşrut şəbəkəsinin daha da genişlənməsinə töhfə verib. Hazırda hava limanından 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir".