FCAS layihəsi üzrə işlər dayandırılıb
Almaniya və Fransa gələcəyin döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutan FCAS (Future Combat Air System) layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hökumətindəki mənbələr Kansler Fridrix Mertsin və Fransa Prezidenti Emmanuel Makronun birgə döyüş təyyarəsinin yaradılması layihəsinin davam etdirilməsinin məqsədəuyğun olmadığı qənaətinə gəldikləri barədə məlumat veriblər. Layihənin əsas sənaye tərəfdaşları - Fransanın “Dassault Aviation” və Avropanın aparıcı aerokosmik konsernlərindən olan “Airbus” arasında uzun müddət davam edən fikir ayrılıqları aradan qaldırıla bilməyib. Bu səbəbdən Almaniya Kansleri Fransa Prezidentinə layihənin təyyarə komponenti üzrə işlərin dayandırılmasını təklif edib.
Bununla belə, tərəflər FCAS çərçivəsində müxtəlif silah sistemləri, platformalar və sensorların vahid şəbəkədə birləşdirilməsini nəzərdə tutan “Combat Cloud” konsepsiyasını davam etdirmək niyyətindədirlər. Almaniya hökuməti bu istiqaməti “Avropa sistemlər sistemi”nin əsas elementi və təyyarələr, pilotsuz uçuş aparatları ilə digər vasitələri inteqrasiya edən “sinir sistemi” kimi qiymətləndirir.