Tramp: İranın hücum etdiyi esmineslərə heç bir ziyan dəyməyib
Operativ Media
Hörmüz boğazında İranın hücumuna məruz qalan Amerika esmineslərinə heç bir zərər dəyməyib və onlar İslam Respublikasına tətbiq edilən dəniz blokadasının təmin olunması prosesinə yenidən qoşulacaqlar.
Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.
"Üç Amerika esminesi indicə atəş altından uğurla çıxaraq Hörmüz boğazını tərk etdi. Bu gəmilərin heç birinə zərər dəyməyib. Həmin üç esmines və onların möhtəşəm heyəti "polad divar" adlandırdığımız dəniz blokadamıza yenidən qoşulacaqlar", deyə o, qeyd edib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı öz raket esmineslərinə edilən hücumlara cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlamışdı.