"Fluminense" braziliyalı hücumçu Halkı heyətinə qatdı
"Fluminense" braziliyalı hücumçu Halkı heyətinə qatıb .
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Keçən həftə "Atletiko Mineyro" ilə müqaviləsini ləğv edən 39 yaşlı braziliyalı futbolçu yeni klubu ilə 2027-ci ilin sonunadək sözləşmə imzalayıb.
Yeni transfer komandaya qoşulmaq və məşqlərə başlamaq üçün gələn həftənin əvvəlində Rio-de-Janeyroya gələcək. Halkın azarkeşlərlə ilk görüşü mayın 16-sı, şənbə günü Braziliya çempionatı çərçivəsində "Marakana" stadionunda keçiriləcək "San-Paulu" matçında baş tutacaq.
Halk 2021-ci ildən bəri "Atletiko Mineyro"da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 311 oyunda 140 qol vurub və 56 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu bu klubla Braziliya çempionluğu, Braziliya Kuboku (hər ikisi 2021-ci ildə), 2022-ci il Braziliya Superkuboku və ardıcıl beş dəfə ştat çempionluğu (2021-2025) qazanıb.
Xatırladaq ki, Halk 2012-2016-cı illərdə Rusiyanın "Zenit" klubunda da forma geyinib. Braziliyalı futbolçu Sankt-Peterburq təmsilçisinin heyətində bütün turnirlərdə 148 matça çıxaraq 77 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb. O, "mavi-ağ-göylər"lə birlikdə Rusiya Premyer Liqasının, Rusiya Kubokunun və Rusiya Superkubokunun qalibi olub.