"Real Madrid" azarkeşləri Mbappenin komandadan ayrılmasını tələb edən petisiya hazırlayıblar
“Real Madrid” azarkeşləri klub rəhbərliyinə müraciət edərək hücumçu Kilyan Mbappenin komandadan göndərilməsini tələb edən onlayn petisiya başladıblar.
Operativ Media “Actu Foot”a istinadən xəbər verir ki, petisiya ilk saat ərzində 70 mindən çox imza toplayıb. Hazırda imzalayanların sayı 142 mini ötüb. Daha əvvəl mətbuatda “Real”ın Mbappenin meydandan kənar davranışlarından narazı olduğu, fransız hücumçunun isə öz növbəsində paltardəyişmə otağı ilə əlaqəni itirdiyi bildirilirdi. Qeyd olunurdu ki, o, komanda tədbirlərinə gecikir və personalla təkəbbürlü davranır.
Jurnalist Fransua Qallardonun sözlərinə görə, Mbappe Vinisius da daxil olmaqla bəzi komanda yoldaşları tərəfindən xəyanətə uğradığını hiss edir. 27 yaşlı oyunçunun eyni zamanda meneceri olan anası “Real” rəhbərliyindən Vinisiusla yolların ayrılmasını tələb etmək niyyətindədir.
Xatırladaq ki, Mbappe 2024-cü ilin yayından “Real”da çıxış edir. Hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 41 oyuna çıxaraq 41 qol vurub və 6 məhsuldar ötürmə edib. Aprelin 27-də futbolçunun sol ayağının yarımvətər əzələsindən zədə aldığı və qeyri-müəyyən müddətə sıradan çıxdığı məlum olub.