Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.
Operativ Media xəbər verir ki, komandamız beynəlxalq turniri ümumilikdə 7 medal (1 qızıl, 1 gümüş və 5 bürünc) ilə yekunlaşdırıb.
Yarışın ilk günündə Nihad Məmişov (-66 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) isə bürünc medallara sahib çıxıblar.
Turnirin son günündə idmançılarımız aktivlərinə daha 4 medal əlavə ediblər. Ramazan Əhmədov (+100 kq) gümüş medal qazanaraq ikinci yeri tutub. Aslan Kotsoyev (-90 kq), Aysun Məmmədova (-52 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc mükafat qazananlar sırasına daxil olublar.
Bu nəticələrlə Azərbaycan millisi 27 ölkə arasında ümumi komanda hesabında 5-ci, kişilər arasında isə 3-cü pillədə qərarlaşıb.