Qurban Səfərov: "Mingəçevir"dəki qeyri-peşəkar idarəetməyə görə formadan düşmüşdüm"
"Səbail"ə keçdikdən sonra performansım artıb.
Bunu Operativ Media-ya açıqlamasında "Səbail"in hücumçusu Qurban Səfərov deyib.
Dünən keçirilən oyunda qazanılan qələbəni şərh edən hücumçu, komandanın çıxışından razı qaldığını bildirib:
"Dünənki oyunda qələbə qazandıq, oyunumuz çox yaxşı alındı. Öz oyunuma gəldikdə isə, “Səbail”ə keçdikdən sonra performansımın daha da yaxşıya doğru getdiyini hiss edirəm. Burada hər şey qaydasındadır və özümü yaxşı tərəfdən göstərmək üçün münbit şərait var".
Qurban Səfərov "Mingəçevir" klubunda çıxış etdiyi dövrdə yaşadığı çətinliklərdən də danışıb. O, formasını itirməsinin səbəbini idarəçilikdə görüb:
"Açığı, “Mingəçevir”də qeyri-peşəkar idarəetməyə görə formadan düşmüşdüm. Lakin hazırda “Səbail”də vəziyyət fərqlidir və bu, mənim oyunuma müsbət təsir edir".
Mövsümün sonu ilə bağlı hədəflərini açıqlayan hücumçu, "Səbail"i elitaya daşımaq istədiklərini vurğulayıb:
"Premyer Liqaya pley-off mərhələsi vasitəsilə çıxmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun və komandamız qarşıya qoyulan məqsədə çatsın".