Emin Mahmudov: "Sabah" çempionluğa layiq idi
"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasında "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra mətbuata açıqlama verib.
Operativ Media xəbər verir ki, təcrübəli yarımmüdafiəçi rəqib üzərindəki uzunmüddətli qələbəsizlik seriyasının qırılmasını və komandanın gələcək hədəflərini dəyərləndirib.
Son turdakı 1:5 hesablı məğlubiyyətdən ciddi nəticə çıxardıqlarını bildirən kapitan, bu dəfə fərqli taktika ilə meydana çıxdıqlarını qeyd edib:
"Əvvəlki oyunda mübarizələrdə çox uduzurduq. Bu dəfə həm oyun planında, həm də yanaşmamızda dəyişiklik etdik. “Qarabağ”a qarşı açıq futbol oynamaq çox çətindir, buna görə də fərqli sistem sınadıq. Komanda olaraq çox əziyyət çəkdik, sona qədər mübarizə apardıq və istəyimizə nail olduq".
Emin Mahmudov uzun fasilədən sonra əzəli rəqib üzərində qazanılan qələbənin psixoloji əhəmiyyətinə toxunub:
"Bu qələbə bizə 2021-ci ildəki kimi çempionluq gətirməsə də, uğursuz seriyanı qırmaq baxımından çox önəmli idi. Qələbəyə çox ehtiyacımız var idi. Azarkeşlərimiz yenə möhtəşəm idi, şükür ki, onları sevindirə bildik".
"Qarabağ" üzərindəki qələbənin "Sabah"ın çempionluğunu rəsmiləşdirməsinə münasibət bildirən Mahmudov həmkarını təbrik edib:
“Sabah”ı təbrik edirəm, mövsüm boyu yaxşı oynadılar və buna layiq idilər. Onların kuboku qazanması avrokuboklara yollanmaq baxımından bizə də sərf edə bilər (gülür). Amma hələ çempionat bitməyib, qarşıda 4 tur var".
Kapitan komandanın hazırda yalnız növbəti matça fokuslandığını vurğulayıb:
"İndi əsas məqsədimiz “Karvan-Yevlax”la səfər matçında 3 xal qazanmaqdır. Rəqib son turlarda hamıya çətinlik yaradır, buna görə də çox ciddi hazırlaşmalıyıq".