“Liverpul”la vidalaşan Salahın yeni ünvanı Türkiyə ola bilər
"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Fənərbaxça"da davam etdirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Türkiyə klubunun nümayəndələri artıq 33 yaşlı futbolçunun agenti ilə iki dəfə görüşüblər. Qeyd olunur ki, misirli oyunçu illik 20 milyon avro maaş tələb edib və Avropada çıxış etmək istədiyini bildirib.
Mart ayında Salah 2025/26 mövsümünün sonunda "Liverpul"dan ayrılacağını elan etmişdi. Aprelin 25-də İngiltərə çempionatının 34-cü turunda "Kristal Pelas"la görüşdə (3:1) bud nahiyəsindən zədə alan forvardın bir daha "qırmızılar"ın heyətində meydana çıxmayacağı bildirilirdi.
2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 39 oyuna çıxan futbolçu 12 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Təcrübəli hücumçu daha əvvəl "Roma", "Fiorentina", "Çelsi", "Bazel" və "Mokavlun" klublarının da formasını geyinib.