Meksika və Aİ strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq
Meksika və Avropa İttifaqı (Aİ) mayın 22-də Meksikanın paytaxtında keçiriləcək VIII ikitərəfli sammit çərçivəsində strateji tərəfdaşlıq sazişi və aralıq ticarət müqaviləsi imzalayacaqlar.
Operativ Media xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin ölkə prezidenti Klaudiya Şeynbaum və Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta arasında baş tutan telefon danışığının yekunlarına dair yaydığı kommünikedə bildirilir.
Sənəddə qeyd olunur ki, sammitin əsas nəticələrindən birinin Meksika ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində Strateji Tərəfdaşlıq Sazişinin (yenilənmiş qlobal saziş), eləcə də aralıq ticarət müqaviləsinin imzalanması olacağı gözlənilir.
Bəyanatda vurğulanır ki, yeni müqavilə 25 il əvvəl qurulmuş mövcud siyasi, iqtisadi və əməkdaşlıq münasibətlərinin çərçivəsini yeniləyəcək və daha da dərinləşdirəcəkdir. Hərtərəfli xarakter daşıyan bu sənəd bütün sahələrdə əlaqələri möhkəmləndirməklə yanaşı, hər iki tərəfin dayanıqlı inkişafı üçün strateji sektorlarda daha sıx əməkdaşlığın təməlini qoyacaqdır.
Görüşdə Avropa İttifaqını Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və iş proqramı mayın 21-dən başlayacaq Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen təmsil edəcəklər. Şeynbaum və Koşta qarşıdakı sammitin ikitərəfli münasibətlərdə həlledici məqam olacağı, Mexiko ilə Brüssel arasında strateji tərəfdaşlığın yeni mərhələsini möhkəmləndirməyə imkan verəcəyi barədə həmfikir olduqlarını bildiriblər.