ABŞ Hörmüz boğazında yeni koalisiya yaratmaq istəyir
ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə digər ölkələrə yeni beynəlxalq koalisiyaya qoşulmağı təklif edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Dövlət Departamenti dəniz gəmiçiliyi ilə bağlı yeni təşəbbüs barədə məlumatları ABŞ səfirliklərinə göndərib və diplomatlara xarici hökumətləri bu koalisiyaya qoşulmağa razı salmağı tapşırıb. Nəşrin qeyd etdiyinə görə, ABŞ-nin rəhbərlik edəcəyi yeni ittifaq iştirakçı ölkələr arasında məlumat mübadiləsinə, diplomatik səylərin əlaqələndirilməsinə və sanksiyalara əməl olunmasına kömək etməlidir. Koalisiyanın hərbi xarakter daşımayacağı ehtimal edilsə də, Dövlət Departamentinin səfirliklərə göndərdiyi teleqramda digər ölkə nümayəndələrinə "diplomatik və ya hərbi tərəfdaş" olmağı təklif etmək tövsiyə olunur.
ABŞ daha əvvəl də Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün planlaşdırılan beynəlxalq koalisiyaya üzv olmaqla bağlı ölkələrə müraciət etmişdi. Martın ortalarında Amerika lideri Donald Tramp bildirmişdi ki, nefti Hörmüz boğazı vasitəsilə tədarük edən ölkələr kommersiya gəmilərinin buradan keçidini özləri təmin etməlidirlər. O, bu addımı atmaq üçün xüsusilə Böyük Britaniya, Çin, Koreya Respublikası, Fransa və Yaponiyaya çağırış etmişdi. Lakin ABŞ mediasının qeyd etdiyi kimi, Vaşinqtonun bu təşəbbüsü uğurla nəticələnməmişdi. Sonradan Prezident bəyan etmişdi ki, İranla bağlı məsələlərdə Vaşinqtonun köməyə ehtiyacı yoxdur.