"Bavariya" Harri Keynlə müqaviləni yeniləməyə hazırlaşır
"Bavariya"nın müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge klubun 2025/26 mövsümü başa çatdıqdan sonra hücumçu Harri Keynlə yeni müqavilə üzrə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.
Operativ Media xəbər verir ki, Rummenigge bu haqda "T-Online" nəşrinə açıqlamasında deyib
O, qeyd edib ki, Keynin "Bavariya"ya transferi klub tarixinin böyük uğurlarından biridir. Futbolçunun müqaviləsindəki sərbəstqalma bəndini aktivləşdirməməsi onun Münhendə qalmaq niyyətini təsdiqləyir. Bu səbəbdən klub rəhbərliyi mövsümün sonunda müqaviləni uzatmaq məqsədilə onunla rəsmi danışıqlara başlayacaq. Rummeniggenin sözlərinə görə, Keyn baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında yeni bir səviyyəyə yüksəlib; o, artıq təkcə qol vuran hücumçu deyil, həm də yarımmüdafiəyə qədər enərək Maykl Olise və Luis Dias kimi oyunçuları məhsuldar ötürmələrlə təmin edən bir pleymeyker funksiyasını yerinə yetirir.
32 yaşlı ingiltərəli hücumçu 2023-cü ilin avqustundan "Bavariya"da çıxış edir və onun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. 2025/26 mövsümündə Keyn meydana çıxdığı 45 matçda 53 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.