"Ayaks"ın futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb
"Arsenal", "Barselona", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" kimi klublar "Ayaks"ın yarımmüdafiəçisi Mika Qodtsun çıxışını diqqətlə izləyirlər.
Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bir neçə komandanın skautları Niderland çempionatının "Breda"ya qarşı keçirilən oyununda (2:0) iştirak ediblər. Həmin matçda 20 yaşlı belçikalı futbolçu fərdi reydindən sonra qollardan birini vurmağı bacarıb.
Qodts 2024-cü ilin yanvarından etibarən "Ayaks"ın şərəfini qoruyur və onun klubla hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub. 2025/26 mövsümündə keçirdiyi 39 oyunda o, 16 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu 2026-cı ilin martında Belçika milli komandasında debüt edib. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini hazırda 25 milyon avro məbləğində qiymətləndirir.