UEFA Arda Turan və "Şaxtyor"u cəzalandırdı
Aprelin 9-da Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Şaxtyor Donetsk" "AZ Alkmaar"ı 3:0 hesabı ilə məğlub edib.
Operativ Media-nın "Sport" nəşrinə istinadən yaydığı məlumata görə, həmin qarşılaşmada Ukrayna təmsilçisinin ulduz futbolçusu İsaak oyunun 5-ci dəqiqəsində kafa travması alıb və tibbi heyətin müdaxiləsindən sonra oyuna davam edib.
Lakin 19 yaşlı futbolçu özünü yaxşı hiss etmədiyi üçün 24-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.
UEFA "Oyunçularda ciddi zədə hallarında tətbiq edilməli olan prosedurlara riayət edilməməsi – Beyin silkələnməsi protokolunun pozulması" maddəsi ilə "Şaxtyor Donetsk" klubunu və baş məşqçi Arda Turanı ayrı-ayrılıqda cəzalandırıb.
Qərara əsasən, UEFA "Şaxtyor"a 10 min avro, Arda Turana isə 20 min avro məbləğində pul cəzası kəsib. Bundan əlavə, klubun üzərinə texniki heyət, futbolçular və personal üçün beyin silkələnməsi ilə bağlı xüsusi təlim təşkil etmək öhdəliyi qoyulub.
Həmçinin "Şaxtyor Donetsk" klubu "İdman tədbirlərinə uyğun olmayan mesajların ötürülməsi" maddəsinə görə daha 20 min avro məbləğində cərimə olunub.