Menyu

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF

Operativ Media
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF

Minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərq getdikcə daha çox müzakirə olunan sosial-iqtisadi məsələlərdən birinə çevrilir.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı “Xəzər Xəbər”ə danışan deputat Vüqar Bayramov bu fərqin azaldılması üçün daha sistemli və yüksək faizli artımların vacibliyini vurğulayıb:

"Hazırkı rəqəmlərə görə, 2026-cı ilin ilk aylarında Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat təşkil edir və minimum əməkhaqqı bunun cəmi 36,3 faizinə bərabərdir. Halbuki beynəlxalq təcrübədə daha balanslı hesab olunan nisbət 50 faizdən yuxarı, ideal olaraq isə 55–60 faiz aralığıdır. Bu fərq göstərir ki, aşağı gəlirli təbəqənin sosial müdafiəsini gücləndirmək üçün əlavə addımlara ehtiyac var.

Məsələ yalnız rəqəmlərin artırılması deyil, həm də artımın məntiqidir. Minimum əməkhaqqının artımı orta əmək haqqının dinamikasına uyğunlaşdırılmadıqda, aradakı fərq daha da dərinləşir. Bu isə sosial bərabərliyə və gəlir bölgüsünə mənfi təsir göstərə bilər. Əksinə, daha yüksək faizli və mütəmadi artımlar aşağı maaş alan vətəndaşların rifahını yaxşılaşdırmaqla yanaşı, ümumi iqtisadi balansın qorunmasına da xidmət edir".

Təklif edilən yanaşmaya görə, minimum əməkhaqqının mərhələli şəkildə orta aylıq əmək haqqının ən azı 50 faizinə çatdırılması real və məqsədəuyğun hədəf kimi qiymətləndirilir. Bu, həm sosial təminatın gücləndirilməsi, həm də əmək bazarında daha ədalətli bölgünün formalaşdırılması baxımından əhəmiyyətlidir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, orta əməkhaqqı artmağa davam etdikcə, minimum əməkhaqqının da paralel şəkildə artırılması vacibdir. Əks halda, bu iki göstərici arasındakı fərq sabit qalmaq əvəzinə daha da genişlənə bilər.

Son dəyişikliklərə əsasən, yeni mexanizmlərin tətbiqi ilə bağlı yaxın bir il ərzində konkret təkliflərin hazırlanması gözlənilir. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə minimum əməkhaqqının hesablanması və artırılması daha çevik və iqtisadi reallıqlara uyğun şəkildə həyata keçirilə bilər.

Əlaqəli Xəbərlər