İkinci əl avtomobil alarkən nələrə diqqət edilməlidir?
İkinci əl avtomobil bazarı həm qiymət baxımından əlçatanlığı, həm də seçim imkanlarının çoxluğu ilə alıcıların diqqətini cəlb edir. Yeni avtomobillərlə müqayisədə daha sərfəli görünən bu seçim, eyni zamanda müəyyən riskləri də özü ilə gətirir. Ona görə də ikinci əl avtomobil alarkən düzgün seçim etmək üçün diqqətli və məlumatlı olmaq vacibdir.
Mövzu ilə bağlı Operativ Media-ya avtomobil ustası Sahil Ağabəyli danışıb.
O bildirib ki, ikinci əl avtomobil alarkən ilk növbədə onun istehsal ili və ümumi vəziyyəti diqqətlə yoxlanmalıdır:
"Xüsusilə 10 ildən artıq istifadə olunmuş avtomobillərə daha həssas yanaşmaq lazımdır. Çünki bu tip nəqliyyat vasitələrində artıq istismar müddəti müəyyən qədər keçmiş olur və nasazlıq ehtimalı artır.
İstehsalçı ölkə də mühüm rol oynayır. Məsələn, Almaniya, Yaponiya, Koreya və Çin istehsalı avtomobillərin hər birinin özünəməxsus keyfiyyət xüsusiyyətləri var. Əgər avtomobil tanınmış və etibarlı brendə məxsusdursa, texniki baxış zamanı risklər nisbətən az olur. Amma bəzi hallarda daha detallı yoxlama vacibdir. Bəzən bir ustanın baxışı kifayət etməyə bilər, əlavə yoxlamalar tələb olunur.
Keçmişdə, xüsusilə 10–15 il əvvəl Gürcüstandan gətirilən bəzi avtomobillərlə bağlı problemlər mövcud idi. Belə ki, bir neçə zədələnmiş avtomobildən bir “yeni” avtomobil yığılırdı. Bu hallar indi xeyli azalsa da, köhnə avtomobillərin alqı-satqısında belə risklər hələ də mövcud ola bilər.
Texniki baxış zamanı əsas diqqət mühərrikə və sürətlər qutusuna yönəlməlidir. Bundan əlavə, avtomobilin hər hansı qəza keçirib-keçirmədiyi, kuzovda əyilmə və ya ciddi zədə olub-olmadığı diqqətlə araşdırılmalıdır.
Hazırda bazarda daha çox Amerika, Koreya və Avropadan gətirilən avtomobillər üstünlük təşkil edir. Xüsusilə Amerikadan gətirilən avtomobillərə daha diqqətli yanaşmaq lazımdır. Çünki bu avtomobillərin əksəriyyəti sığorta hadisəsi keçirmiş, yəni zədələnmiş nəqliyyat vasitələri olur.
Bununla belə, Amerika istehsalı avtomobillərin mühərrikləri adətən keyfiyyətli olur. Lakin onların bir çoxu yüksək oktanlı premium yanacaq üçün nəzərdə tutulur. Azərbaycanda isə bu avtomobillər çox vaxt Aİ-92 ilə istifadə olunur ki, bu da uzun müddətdə mühərrikə mənfi təsir göstərə bilər.
Sonda isə avtomobilin boya vəziyyətinə diqqət yetirilməlidir. Boyanın dəyişdirilib-dəyişdirilməməsi, zədələrin səviyyəsi və kuzovun ümumi forması avtomobilin real vəziyyəti haqqında mühüm məlumat verir”.