Ağdamda bir nəfər minaya düşüb - YENİLƏNİB
Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti orta ağırdır.
Operativ Media bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir.
Xəstəxananın həkim travmatoloqu Hafiz Əliyev qeyd edib ki, minaya düşən şəxsin vəziyyəti orta ağırdır:
"Ağdamın Yusifcanlı kəndi ərazisində baş verən mina partlaması hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs 26.03.2026 il tarixdə saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol aşağı ətrafın, baldırın 3.1-nə travmatik amputasiya diaqnozu təyin olunmuş pasiyentin müalicəsini davam etdirilməsi üçün o, reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir".
***
14:44
Ağdam rayonunda mina hadisəsi baş verib.
Operativ Media Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinə istinadən verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da mina hadisəsi baş verib.
Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.