CNN: ABŞ İranın Hörmüz boğazını bağlamaq qabiliyyətini səhv qiymətləndirib
Ağ Ev və Pentaqon Tehrana qarşı hərbi əməliyyata hazırlaşarkən İranın Hörmüz boğazını bağlamaq imkanlarını ciddi şəkildə qiymətləndirməyib, bu da vəziyyətin ən pis ssenari üzrə inkişafına gətirib çıxarıb.
Operativ Media xəbər verir ki, bu haqda CNN telekanalı Vaşinqtondakı çoxsaylı mənbələrə istinadən məlumat yayıb.
Xüsusilə, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik komandası boğazın bağlanmasının potensial nəticələrini tam ölçüdə nəzərə almayıb. Telekanalın mənbələri bu hesablamaları "administrasiyanın hazırda üzləşdiyi ən pis ssenari" adlandırıblar.
CNN-in bir neçə mənbəsi qapalı brifinqlərin məzmunu barədə məlumat verib. Onların sözlərinə görə, administrasiya nümayəndələri qanunvericilər qarşısında çıxış edərkən, ABŞ-İsrail zərbələrinə cavab olaraq İranın boğazı bağlayacağını ümumiyyətlə nəzərdən keçirmədiklərini etiraf ediblər. Onlar hesab edirdilər ki, Tehran belə bir addıma getməyəcək, çünki bu tədbirlər İranın özünə də böyük ziyan vuracaq.
Xatırladaq ki, martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru İbrahim Cabari, dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatı səbəbindən gəmilərin keçidi üçün bağlanacağı barədə xəbərdarlıq edib. Martın 5-də isə İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, boğaz bağlı deyil, sadəcə, hər iki tərəfin zərbələrindən ehtiyat edən gəmi və tankerlər özləri oradan keçməyə cəhd göstərmirlər.