Polşa Belarusla sərhəddə PUA aşkarlama sistemi modulu quraşdırıb
Polşa Belarusla sərhəddə dron aşkarlama sisteminin modulunu istismara verib.
Operativ Media xəbər verir ki, bu barədə Polşa mediası Polşanın Daxili İşlər və Administrasiya naziri Marçin Kervinskinin açıqlamasına istinadən məlumat yayıb.
Kervinski deyib: "Sistem iki elementdən ibarətdir: hava obyektlərini aşkarlayan radar sistemi və bu obyektləri sonradan məhv etmək üçün müəyyən edən radio skaner sistemi". O qeyd edib ki, dron əleyhinə qalxanın birinci modulu sərhədin bir neçə onlarla kilometrini izləyir.
Nazirin sözlərinə görə, ümumilikdə beş belə modul planlaşdırılır. O, həmçinin Polşa hakimiyyətinin "bütün şərq quru və dəniz sərhədini" bu cür sistemlərlə təchiz etmək niyyətində olduğunu açıqlayıb.
Polşa hakimiyyəti 2025-ci ilin payızında şərq sərhədində dron aşkarlama sisteminin inşa ediləcəyini açıqlayıb.