Xaricdən avtomobil sifariş edərkən diqqət edilməli məqamlar - AÇIQLAMA
Xaricdən avtomobil sifariş edərək ölkəyə gətirmək son illərdə bir çox vətəndaş üçün daha sərfəli və cəlbedici seçim kimi görünür. Lakin bu proses yalnız avtomobilin seçilməsi və sifariş verilməsi ilə məhdudlaşmır.
Xaricdən avtomobil idxalı zamanı alıcılar müxtəlif risklər, əlavə xərclər və hüquqi məsələlərlə də qarşılaşa bilirlər.
Mövzu ilə bağlı Operativ Media-ya danışan nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, xaricdən sifarişlə avtomobil gətirən vətəndaşların qarşılaşdıqları əsas risklərdən biri avtomobilin real vəziyyətinin gizlədilməsi ilə bağlıdır:
"Bəzi hallarda avtomobil qəza keçirmiş olsa da, sağlam kimi təqdim edilir, yürüş göstəricisi dəyişdirilə və ya texniki problemlər gizlədilə bilər. Bundan əlavə, etibarsız vasitəçilərlə işlədikdə ödəniş edildikdən sonra avtomobilin ümumiyyətlə alınmaması və ya çatdırılma prosesində müxtəlif problemlərin yaranması halları da baş verə bilər. Təəssüf ki, praktikada bu cür hallara kifayət qədər tez-tez rast gəlinir. Daşınma zamanı avtomobilə zərər dəyməsi və ya sənəd uyğunsuzluqları da rast gəlinən risklər sırasındadır”.
O bildirib ki, bu riskləri azaltmaq üçün vətəndaşlara etibarlı və rəsmi fəaliyyət göstərən şirkətlərlə işləmək, sifariş zamanı müqavilə bağlamaq, avtomobilin VIN kodu vasitəsilə tarixçəsini yoxlamaq və mümkün olduqda müstəqil texniki yoxlama təşkil etmək tövsiyə olunur.
Həmçinin daşınma sığortası və ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi də əlavə təhlükəsizlik yaradır.
Əgər sifariş edilən avtomobilin real vəziyyəti təqdim olunan məlumatlardan fərqlənirsə, alıcı müqavilə əsasında öz hüquqlarını tələb edə bilər. Belə hallarda alıcı müqavilənin ləğvini, ödənilmiş məbləğin geri qaytarılmasını və ya dəymiş zərərin kompensasiya edilməsini tələb etmək hüququna malikdir. Əgər tərəflər arasında razılıq əldə olunmazsa, məsələ məhkəmə qaydasında həll edilə bilər.
Buna görə də sifariş zamanı bağlanan müqavilədə avtomobilin texniki vəziyyəti, yürüş göstəricisi, qəza tarixçəsi və digər əsas məlumatların dəqiq göstərilməsi vacibdir. Bu məlumatlar sonradan yarana biləcək mübahisələrin həlli üçün hüquqi əsas rolunu oynayır.
Xaricdən avtomobil gətirərkən alıcı yalnız avtomobilin alış qiymətini deyil, əlavə xərcləri də nəzərə almalıdır. Bu xərclərə daxili və beynəlxalq daşınma, liman və broker xidmətləri, gömrük rüsumları, aksiz və əlavə dəyər vergisi daxildir.
Praktikada bu əlavə xərclər avtomobilin ilkin qiymətinə ciddi təsir göstərir. Məsələn, təxminən 10 min dollar dəyərində olan bir avtomobilin daşınma və gömrük xərcləri əlavə olunduqda yekun qiymət bir neçə min dollar arta bilər. Bəzi hallarda ümumi xərclər avtomobilin alış qiymətindən əlavə olaraq təxminən 30–60 faizədək artım yarada bilər. Buna görə də sifariş verməzdən əvvəl bütün xərclərin əvvəlcədən hesablanması vacibdir”.
