İran İsrail və ABŞ hərbi obyektlərinə son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
Martın 11-nə keçən gecə İranın İsrail ərazisini və regiondakı ABŞ hərbi obyektlərini bombalaması, münaqişənin kəskinləşməsindən bu yana İslam Respublikasının həyata keçirdiyi ən irimiqyaslı hücum olub.
Operativ Media xəbər verir ki, Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu gecə icra edilən «Doğru vəd - 4» əməliyyatının sonuncu — 37-ci dalğası İranın bölgədəki düşmən qüvvələrinə və obyektlərinə qarşı ən böyük əməliyyatıdır. Bildirilir ki, raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən bir neçə ardıcıl hücumun müddəti azı üç saat davam edib.
Hücumun gedişatında «Xorrəmşəhr» tipli ifrat ağır raketlərdən istifadə edildiyi, Tel-Əviv yaxınlığındakı peyk rabitəsi mərkəzinin, həmçinin İsrailin Heyfə və Qərbi Qüdsdəki hərbi obyektlərinin hədəf alındığı vurğulanır. Bundan əlavə, dövlət televiziyasının məlumatına görə, ABŞ-ın İraqın Ərbil şəhərindəki və Küveytdəki bazaları da daxil olmaqla, çoxsaylı hədəfləri bombardman edilib.