Ərəb Dövlətləri Liqası İranın hücumlarına məruz qalan ölkələrin özünümüdafiə hüququnu tanıdı
Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələrin xarici işlər nazirləri İranın hücumlarına məruz qalan ərəb dövlətlərinin qanuni özünümüdafiə hüququnu təsdiqləyiblər.
Operativ Media xəbər verir ki, keçirilən növbədənkənar iclasın yekununda bəyanat imzalanıb.
Bəyanatda vurğulanır: "Ərəb Dövlətləri Liqasının hücuma məruz qalan dövlətlərin öz təhlükəsizlik və sabitliyini təmin etmək, habelə ərazilərini istənilən təcavüzdən qorumaq üçün atdığı bütün addımları və gördüyü tədbirləri dəstəklədiyini təsdiqləyirik".
Bundan əlavə, nazirlər ərəb dövlətlərinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla, beynəlxalq təsisatlara müraciət etmək hüququna "mütləq dəstək" ifadə ediblər.
Mətndə qeyd olunur ki, İranın hərəkətləri "mülki əhalinin həyatını təhlükəyə atıb, dinc sakinlər arasında tələfata və maddi ziyana səbəb olub ki, bu da beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır".