Menyu

Səfir: İran ərazisindən Azərbaycana edilən dron hücumu əsassız terror aktıdır

Operativ Media
Səfir: İran ərazisindən Azərbaycana edilən dron hücumu əsassız terror aktıdır

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “İzvestiya” qəzetinə müsahibəsində İran ərazisindən Azərbaycan ərazisinə edilən pilotsuz uçuş aparatının hücumunun Azərbaycan dövlətinə qarşı heç bir əsası olmayan terror aktı olduğunu bildirib.

Operativ Media xəbər verir ki, diplomat Rusiya nəşrinə verdiyi müsahibədə hücumun hədəfinin Naxçıvan Beynəlxalq Hava Limanı, terminal binası, məktəb və digər obyektlər olduğunu qeyd edib.

“Bu, Azərbaycan ərazisinə və dövlətimizə qarşı heç bir əsası olmayan terror aktıdır”, – deyə Azərbaycan diplomatik nümayəndəliyinin rəhbəri vurğulayıb.

Rəhman Mustafayev qeyd edib ki, Bakının mövqeyi siyasi, diplomatik və hərbi cavab tədbirlərini nəzərdə tutur. Onun sözlərinə görə, İran rəsmiləri izahat verməli və Azərbaycandan üzr istəməli, bu terror aktını törədən şəxslər isə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Səfir, həmçinin əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı Azərbaycan səfirliyinin və Təbrizdəki baş konsulluğun təxliyə edildiyini bildirib.

Diplomat vurğulayıb ki, ərazi bütövlüyünü və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri, eləcə də sərhəd və digər xidmətlər maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Prezidentin vurğuladığı kimi, onlar istənilən əməliyyatı həyata keçirməyə hazır olmalıdırlar”, – deyə o qeyd edib.

Rəhman Mustafayev əlavə edib ki, terror aktı artıq geniş beynəlxalq etirazlara səbəb olub. Onun sözlərinə görə, hadisə 40-dan çox dövlət və altı beynəlxalq təşkilat tərəfindən pislənilib.

Əlaqəli Xəbərlər