Partiya sədri: İranın ziddiyyətli açıqlamaları narahatlıq doğurur
“Artıq fakt ortadadır və məsələ ciddi müzakirə mövzusuna çevrilib. Hadisə ilə bağlı İran tərəfindən bir neçə fərqli və ziddiyyətli açıqlamalar verilib”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
O bildirib ki, digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin rəsmilərinin açıqlamalarında da müəyyən ziddiyyətlər müşahidə olunur:
“Nazir müavinlərindən biri belə bir hadisənin baş vermədiyini iddia edib. Lakin daha sonra nazirliyin başqa bir rəsmisi məsələ ilə bağlı araşdırma aparılmalı olduğunu bildirib. Bu isə hadisə ətrafında ciddi qeyri-müəyyənlik yaradır.
Hərbi ekspertlərin fikrincə, söhbət pilotsuz uçuş aparatından gedirsə, burada təsadüf və ya texniki səhv ehtimalı çox zəifdir. Belə aparatların hərəkəti idarə olunur və buraxıldıqdan sonra onların hansı istiqamətdə hərəkət etdiyi real vaxt rejimində izlənilir. Yəni pilotsuz uçuş aparatını işə salan şəxslər onun hara istiqamətləndiyini və hansı marşrutla hərəkət etdiyini aydın şəkildə görürlər. Bu səbəbdən də belə bir hadisənin “səhvən baş verməsi” ehtimalı ciddi suallar doğurur.
Digər narahatedici məqam isə hədəflərin xarakteri ilə bağlıdır. Əgər hava limanı və ya yaşayış məntəqələri kimi obyektlər hədəf seçilirsə, bu artıq dinc əhali üçün ciddi təhlükə deməkdir. Belə hallar cəmiyyətdə narahatlıq və panika yarada bilər. Mövcud görüntülər və yayılan məlumatlar da insanların ciddi narahatlıq keçirdiyini göstərir.
Bu baxımdan İran tərəfinin məsələ ilə bağlı aydın və konkret izah verməsi vacibdir. Hadisənin hansı səbəbdən baş verdiyi, pilotsuz uçuş aparatının hansı istiqamətdən və hansı məqsədlə göndərildiyi açıq şəkildə izah olunmalıdır.
Baş verənlər Azərbaycanın ərazi bütövlüyü və sərhəd təhlükəsizliyi baxımından ciddi məsələ kimi qiymətləndirilir. Bu kimi hadisələr regionda gərginliyin artmasına səbəb ola bilər. Ona görə də rəsmi Bakı İran tərəfinin mövqeyini və izahını gözləməlidir.
Əgər bu hadisə qəsdən atılmış addım kimi qiymətləndirilərsə və oxşar addımların davam edəcəyi ehtimalı yaranarsa, Azərbaycan buna uyğun şəkildə öz mövqeyini və cavab addımlarını müəyyən etməli olacaq.
Bəzi məlumatlara görə, İran daxilində müəyyən qüvvələr bu hadisəni Azərbaycana yönəlik xəbərdarlıq kimi təqdim etməyə çalışırlar. Əgər bu doğrudursa, bu artıq təsadüfi hadisə deyil, məqsədli siyasi mesaj kimi qiymətləndirilə bilər.
Belə yanaşma isə regionda sabitliyə xidmət etmir. Əksinə, bu cür addımlar ölkələr arasında gərginliyi artırır və İranın regiondakı bir çox dövlətlə münasibətlərinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər”.