Ankaradan xəbərdarlıq: "İstənilən düşmən addımına layiqli cavab veriləcək"
Türkiyə istənilən düşmən hərəkətinə cavab verməyə hazır olduğunu və sərhədləri yaxınlığında İrana məxsus raketin vurulması hadisəsi işığında Şimali Atlantika Alyansı (NATO) ilə məsləhətləşmələri davam etdirəcəyini bildirib.
Operativ Media xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında paylaşım edib
"İrandan atılan raket İraq və Suriya hava məkanından keçərək Hatay bölgəsində bizim hava məkanımıza yönəlmişdi. Raket NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilib. Əks-raketin bir parçası Hatay vilayətinin boş ərazisinə düşüb. Tələfat və yaralı yoxdur. Ərazimizin və hava məkanımızın qorunması üçün zəruri olan bütün addımlar tərəddüdsüz atılacaq. İstənilən düşmən hərəkəti beynəlxalq hüquq çərçivəsində lazımi cavabı alacaq. Bu proses boyu NATO və müttəfiqlərimizlə məsləhətləşmələr və əməkdaşlıq davam etdiriləcək", - deyə o bildirib.
O əlavə edib ki, Türkiyənin bütün məsul qurum və strukturları raketin uçuşu və vurulması prosesini real vaxt rejimində və tam koordinasiyalı şəkildə izləyiblər.
"Biz bir daha bütün tərəfləri regionda gərginliyin artmasına və münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Tərəflərin məsuliyyətli davranması son dərəcə vacibdir", - deyə Duran qeyd edib. O, medianı və ictimaiyyəti, xüsusən də rəsmi orqanlardan daxil olmayan və dezinformasiya xarakterli məlumatlara qarşı daha diqqətli olmağa səsləyib.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəfələrlə vurğuladığı kimi, Türkiyə regionda sülh, sabitlik və dialoqun təmin olunması üçün intensiv diplomatik səylər göstərir. Onun rəhbərliyi altında ölkəmiz gərginliyin qarşısının alınmasında, mülki əhalinin müdafiəsində və problemlərin beynəlxalq hüquq əsasında dinc yolla həllində aktiv rol oynayır. Türkiyə regionda gərginliyin azaldılması və problemlərin sülh yolu ilə həlli istiqamətində öz vəzifələrini konstruktiv şəkildə yerinə yetirməyə davam edəcək", - deyə Duran əlavə edib.