Sabunçu rayonunda gölün qanunsuz doldurulması faktı aşkar edilib
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən gölün doldurulması faktı aşkar edilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Məlumata görə, fakt Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılıb. Araşdırma çərçivəsində Maştağa qəsəbəsi, 1K ünvanında yerləşən sututara baxış keçirilib. Müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.
Sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji həssas zonadır. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.