Menyu

Nazirlər Kabinetinin silah və strateji materiallar ixracına nəzarət səlahiyyəti ləğv edilib

Operativ Media
Nazirlər Kabinetinin silah və strateji materiallar ixracına nəzarət səlahiyyəti ləğv edilib

Milli Məclis Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyətinin ləğvini qəbul edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Əmək və Cəzaların İcrası Məcəllələrində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Layihədə qeyd edilib ki, sənəddə qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Belə ki, 2011-ci il 23 dekabr tarixli "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun qüvvəyə minməsinə qədər hərbi komissarlıqlar bilavasitə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərirdi. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlığı, Naxçıvanın Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında 2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Bu Xidmətin fəaliyyəti və maddi-texniki təchizat qaydası Prezidentin müvafiq fərmanları, həmçinin "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə" ilə tənzimlənir. Ona görə də, bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın "Müdafiə haqqında" qanunun 6-cı maddəsindən çıxarılır.

Eyni zamanda layihədə göstərilən digər qanunlardan da "hərbi komissarlıq" sözlərinin çıxarılması nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər