Məmməd Rzayev: Həzi Aslanov metrosunda dalan yollarının əsaslı təmiri davam edir
Şəfa Hüseynli
Həzi Aslanov stansiyasının dalanında qalan yolların əsaslı təmiri və yenidən qurulması üzrə əlavə işlər görülür. Bu layihələr infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması məqsədilə həyata keçirilir.
Operativ Media-nın məlumatına görə, bunu “Bakı metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
Onun sözlərinə görə, dalan yollarının tikintisinə 1980-ci illərdə başlanılıb, lakin layihə uzun müddət yarımçıq qalıb və 2002-ci ildə açıq hava şəraitində saxlanılıb.
Dalan yollarının ümumi uzunluğu 280 metrdir və 16-25 metr dərinlikdə yerləşir. Qrunt sularında çoxlu miqdarda sulfat ionları və xloridlərin olması səbəbindən su altında qalan yolların daşıyıcı konstruksiyaları korroziyaya uğrayıb. Bu səbəbdən müvafiq yoxlamalar aparılıb və dəmir-beton konstruksiyaların yenilənməsinə başlanılıb. Tikintinin aktiv dövrü 2025-2026-cı illəri əhatə edir.
M. Rzayev bildirib ki, ümumi uzunluğu 280 metr, açılmış uzunluğu isə 938 metr olan dəmir-beton konstruksiyaların təmir işləri 4 texnoloji sahəyə bölünüb. Yan və orta divarların konstruksiyaları artıq 3 sahədə tamamilə sökülərək yenidən qurulub, hazırda isə 4-cü sahədə işlər davam edir. Eyni zamanda, tavanın izolyasiyası məqsədilə vurma işləri yekunlaşmaq üzrədir.
Dalan yollarının tunel daxilindəki infrastrukturu tamamilə yenilənəcək və müasir avadanlıqlardan istifadə olunacaq. Əsas infrastruktur elementləri, o cümlədən yollar və yoldəyişdirici qurğular müasir tipli dəmir-beton bünövrələr üzərində qurulacaq, elektrik avadanlıqları, əlaqə, siqnalizasiya, video müşahidə və digər vacib sistemlər modernləşdiriləcək.
İşlərin başa çatdırılması və dalan yollarının istismara verilməsi cari ilin sonuna qədər planlaşdırılır.