Zəbt olunmuş torpaq sahəsi necə geri alınır? – Hüquqi prosedur
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahəsinin özbaşına tutulması qanun pozuntusudur və belə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması, habelə torpaq sahibinə vurulmuş zərərin ödənilməsi onu zəbt etmiş şəxsin vəzifəsidir”.
Bu barədə Operativ Mediaya vəkil Səma Əhmədova açıqlama verib.
O bildirib ki, eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi mülkiyyətçiyə əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququ verir və qanunsuz sahiblik nəticəsində əldə edilmiş gəlirlərin, eləcə də vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməyə imkan yaradır:
“Məhkəmə təcrübəsində torpaq mübahisələri, xüsusilə torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi) ilə bağlı işlər geniş yayılmışdır və bu kateqoriyadan olan mübahisələrdə sübutetmə vəzifəsi əsasən iddiaçının üzərinə düşür.
Şəxs torpağının zəbt edildiyini iddia etdikdə, ilk növbədə torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı, həmçinin faktiki müdaxiləni təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.
Cavabdeh zəbt faktını qəbul etmədikdə, məhkəmə torpaq sahələrinin sərhədlərinin və koordinatlarının dəqiqləşdirilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardad çıxarır.
Ekspertiza çərçivəsində tərəflərin torpaq sahələrinin hüquqi sənədlərdə göstərilən göstəriciləri ilə faktiki vəziyyəti müqayisə edilir, sərhəd pozuntusunun olub-olmaması müəyyənləşdirilir. Müdaxilə halı təsdiq olunduğu təqdirdə, zəbt edilmiş hissənin sahəsi və yerləşməsi konkret şəkildə göstərilməklə əsaslandırılmış rəy tərtib olunur.
Məhkəmə iş üzrə toplanmış bütün sübutları, o cümlədən ekspert rəyini məcmu şəkildə qiymətləndirərək hüquqi nəticəyə gəlir və zəbt olunmuş torpaq sahəsinin qanuni sahibinə qaytarılması, zərərin əvəzinin ödənilməsi və zərurət olduqda torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edir”.