BVF-nin “Tərəfdaşlar Şəbəkəsi” görüşündə dövlət müəssisələrinin makro-fiskal rolu müzakirə olunub
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi tərəfindən Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş üçüncü yüksək səviyyəli makro-fiskal “Tərəfdaşlar Şəbəkəsi” görüşündə iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Görüşdə dövlət müəssisələrinin iqtisadiyyatda oynadığı rol və makro-fiskal siyasətə təsiri, iştirakçı ölkələr arasında praktik biliklərin bölüşməsi və regionda daha güclü makro-fiskal əməkdaşlığın formalaşması istiqamətində müzakirələr aparılıb.
Bu cür yüksək səviyyəli platformalarda iştirak beynəlxalq təcrübənin öyrənilməsi, institusional potensialın daha da gücləndirilməsi və dövlət müəssisələrinin idarə olunması sahəsində qabaqcıl yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Agentlik gələcəkdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, şəffaflıq və səmərəliliyin artırılması istiqamətində təşəbbüsləri dəstəkləməkdə və regionda dayanıqlı makro-fiskal mühitin formalaşmasına töhfə verməkdə qətiyyətlidir.